Rusiya səkkiz il əvvəl Donbasın şərqindəki müharibəni alovlandırandan bəri Ukraynada REM sistemlərindən istifadə edir. Lakin 24 fevral 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin yeni, tammiqyaslı mərhələsi başlayandan sonra Moskvanın ən yeni REM stansiyalarının bir çoxu Ukrayna ordusu tərəfindən məhv edildi və ya ələ keçirildi.
Məsələn, martın 13-də Ukraynanın 10-cu Dağ Hücum Briqadasının hərbçiləri Rusiyadan “Borisohlebsk-2” REM sistemini ələ keçirdiklərini bildirdilər. Bu kompleks rəqibin rabitə sistemlərini aşkar etmək və sıradan çıxarmaq üçün istifadə olunur. Bir neçə gün sonra ukraynalı jurnalist Yuri Butusov Ukraynanın “Torn-MDM” sistemləri ələ keçirməsi haqqında məlumat yaydı. Bu stansiya 1,5-3000 meqahers diapazonunda elektromaqnit siqnallarının aşkarlanması, təhlili və qeyd edilməsi üçün istifadə olunur və o, 70 kilometrə qədər məsafədə siqnal mənbəyinin koordinatlarını aşkar edərək hesablaya bilir. “InformNapalm” beynəlxalq könüllü açıq mənbəli təhlil icmasının məlumatlarına görə, bu sistem keçmiş illərdə Donbas müharibəsi zonasında dəfələrlə müşahidə olunub .
Həmçinin martın ortalarında Ukrayna ordusunun üzvləri tam işlək “Rtut-BM” sistemini ələ keçirdilər. Bu kompleks dost qüvvələrini radio ilə idarə olunan sursatlardan və ya uzaqdan işə salınan partlayıcılardan qorumaq üçün istifadə olunur. Digər oxşar REM stansiyası Kiyev yaxınlığındakı Qostomel aerodromunda məhv edilib. Digər REM stansiyaları kimi, “Rtut-BM” də təkcə Ukrayna ordusu üçün deyil, həm də milli müqavimət üçün prioritet hədəflər arasında qeyd edilib və vətəndaşlara onu müəyyən etməkdə kömək etmək üçün Ukrayna Ordusunun rəsmi internet səhifəsində nümayiş etdirilib.
Ancaq Ukrayna üçün bəlkə də ən vacib qazanc və Rusiya üçün ən böyük itki “Krasuxa-4” kompleksinin ələ keçirilən elementi oldu. “Krasuxa-4” genişzolaqlı çoxfunksiyalı REM stansiyası həm yerüstü, həm də hava radarlarına, eləcə də havadan erkən xəbərdarlıq və idarəetmə sistemi (AWACS) təyyarələrinə qarşı mübarizə aparmaq üçün istifadə olunur. Üstəlik, onun Yerin aşağı orbitindəki peykləri sıradan çıxara biləcəyi və hədəflənmiş radioelektron cihazlara daimi ziyan vura biləcəyi bildirilir. Bu REM kompleksinin bir hissəsi (iddia edildiyinə görə komanda məntəqəsi) Ukrayna Ordusu tərəfindən martın 22-də ələ keçirilib. Müsadirə edilən bütün bu avadanlıq sonrakı araşdırma və tərs mühəndislik üçün Ukraynanın Qərb müttəfiqlərinə verilə bilər.
Ukraynaya hücumun bir hissəsi kimi yerləşdirilən REM stansiyalarının geniş çeşidinə baxmayaraq, Rusiya ordusunun onlarla ciddi uğur qazanmadığı məlumdur. Mümkün səbəblərdən biri bu REM komplekslərinin öz təyyarələrində və hava hücumundan müdafiə sistemlərində quraşdırılmış radarların, habelə rusların (artıq problemli olduğu bilinən) rabitə sistemlərinin işinə mane ola bilməsi ola bilər. Müharibədən göründüyü kimi, rus hərbçilər Ukraynada ümumiyyətlə aşağı keyfiyyətli, təhlükəsiz olmayan radiostansiyalardan və ya hətta cib telefonlarından istifadə edir, onları “sındırmaq” və ələ keçirmək nisbətən asandır, Ukrayna ordusu bunun üçün hətta qeyri-hərbi avadanlıqdan da istifadə edir. Nəhayət, Rusiya Silahlı Qüvvələri uzun müddətdir ki, Liviya və Suriyada kifayət qədər təchiz edilmiş silahlı qruplaşmalara qarşı yalnız məhdud əməliyyatlarda iştirak edərək, bacarıqlı və ya adekvat gücə malik rəqibə qarşı dinamik döyüş keçirməyib. Ukraynadakı rus qoşunlarının aşağı əhval-ruhiyyəsi ilə birlikdə, bu təcrübə çatışmazlığı, ehtimal ki, onların REM bölmələrinin potensial imkanlarını və effektivliyini əhəmiyyətli dərəcədə aşağı salıb.
Bu cür problemlər Rusiya qüvvələrinin rabitə sistemlərinin qəfil müşahidə edilən daha təhlükəsiz texnologiyalarla dəyişdirilməsini izah edə bilər. Məlumata görə, bəzi Hava Desant Qoşunları indi “Auriga 1.2V” ikitərəfli peyk stansiyalarından istifadə edir. Yüksək portativ və avtonom qabiliyyətə malik “Auriga 1.2V” sistemi çox kiçik diyaframlı terminal (VSAT) texnologiyasından istifadə edir və çətin hava və ya dağlıq ərazi daxil olmaqla ağır ekoloji şəraitdə işləyə bilər. Onu bir nəfər on dəqiqə ərzində qura bilər. “Auriga 1.2V” mətn və rəqəmsal mesajlar üçün istifadə olunur, həm də dünyanın istənilən yerində yerləşən həmkarları ilə təhlükəsiz səsli rabitə yaratmağa imkan verir. Rusiyanın ən yeni rabitə sistemləri arasında o, 2019-cu ildə Mərkəzi Hərbi Dairəyə verilib və “Çentr 2019” (Mərkəz) hərbi təlimi zamanı xüsusilə sınaqdan keçirilib. Bu komplekslərin sayı məhdud olduğuna görə, yəqin ki, onlar yalnız Ukraynada fəaliyyət göstərən VDV kimi ən bacarıqlı elit qüvvələrə verilib. Rusların Kiyev vilayətindən geri çəkilməsindən sonra baş verən şiddətli qarşıdurmalarda ən azı bir “Auriga 1.2V” stansiyasının Ukrayna hərbçiləri tərəfindən ələ keçirildiyi bildirilir.
Fevralın 24-dən bəri Rusiya qüvvələrinin psixoloji əməliyyatlar (psy-ops) üçün REM-dən istifadə etdiyinə dair heç bir əhəmiyyətli dəlil üzə çıxmayıb. Bu, keçmiş illərdə Donbasda nəzarət xətti boyunca məhz belə üsullarla məşğul olan Rusiyanın proksi qruplarından fərqlidir. Bu, qismən bu cür taktikaların təcrübəli Ukrayna hərbçilərinə qarşı psixoloji təsirini çoxdan itirməsi ilə əlaqədar ola bilər. Ukraynanın müvəqqəti ələ keçirilmiş şəhərlərindən gələn bəzi məlumatlarda yerli mobil şəbəkələrin və ya internet əlaqələrinin kəsilməsi ilə bağlı insidentlər qeyd edilib, lakin bu hallar əsasən ərazidə rabitə avadanlığının fiziki idarə olunması ilə bağlı olub. Martın sonlarında Ukrayna hakimiyyət orqanları dezinformasiya, rus ideologiyası və müharibəyə haqq qazandırmaq məqsədi daşıyan bir neçə iri rus “bot-fermaları”nı aşkar edərək zərərsiləşdirib. Beləliklə, görünür, Moskvanın psixoloji əməliyyatları kiber döyüşçülərin öhdəsinə buraxılıb.
Firuz Bağırov
Ordu.az